Al gəldi...
Yazar: Yolchu @ İyul 22, 2008 7:24Bu gün Məsiağa müəllimin “Səs” adlı bloqunda azeribloqun bir yaşının tamam olması münasibətilə yazdığı kiçik yazını oxudum və bu məni azəribloqla bağlı indi oxuyacağınız yazını qələmə almağa sövq etdi.
Bəri başdan təbrik edirəm azəribloqun qurulmasında əməyi olan hər kəsi, özəlliklə də Fərhadı. Ki, basa-basa güneydən bura gəlib burda bir quzeylinin görmədiyi işi, yaxşı-pis öz hesabına görür.
Mən hamının adından danışmağa adət etmədiyimdən, öz adımdan danışa bilərəm. Azəribloq mənə hansı imkanları yaratdı? Əvvəla, sözümü deməyə və arzuladığım auditoriyaya çıxmağa imkan əldə etdim. Azeribloqda bloq yaradana qədər üç dəfə əcnəbi bloq servislərində bloq yaratmağa cəhd etmişdim və hər üçünü də sonradan tərk etdim. Arzum bloqun öz dilimizdə, anadilli auditoriyaya yaxın ortamda olması idi və həmin serverlər də buna fürsət yaratmadığından indi onlardakı bloqlar elektron (rəqəmsal sözünü sevmirəm) cəngəlliyin bir küncündə çürüyürlər. Bu mənada azeribloq mənim üçün əla vasitə oldu.İkincisi, azeribloqda yeni insanlarla tanış oldum və bir sıra ideyalarımı sınamaq fürsəti əldə etdim. Düzdür, başqa bloqlarla müqayisədə mənim bloqumun oxunaqlığı o qədər də çox deyil, ancaq realist birisi kimi deyim, müsəlmanların, ateistlərin, fövqəltəbii inanca biganələrin və sadəcə sekularistlərin arasında xristianlıqdan yazmağa çalışanın hara qədər gedəcəyi və nə qədər çox auditoriyaya çıxacağı da elə bəri başdan bəlli olur. Bu mənada bloqa az da olsa oxucu gəlməsi mənim üçün sevindirici haldır, çünki bu Azərbaycan kimi qapalı və ənənə tiraniyasının hökm sürdüyü cəmiyyətdə insanların prinsipcə başqa, onların az tanış olduqları ideya və düşünümlərə radikal qapalı olmadığını anladır.
Üçüncüsü, azeribloq məni az da olsa, ayaqda tutur, yazmağa belə demək mümkünsə məcbur edir. Mən yazmağı sevən, ancaq ərincəkliyindən oturub yazmayan birisiyəm. Yazanda da uzun yazaram – bu da bloq üçün hər zaman əlverişli deyil. Bloq isə məni daim yazmağa sövq edir. Bloq yaratmaq və onu yaşatmaq müntəzəm olaraq yazmağı gərəkdirir. Yazmaq üçün isə vaxt ayırmaq, planlamaq və s. ehtiyac var. Mən də bloqu yaşatmağa çalışdığımdan oturub yazıram və ümid edirəm ki, azeribloq ərincəkliyimi üstələməyə yardım edəcək.
Indi keçək arzulara. Nələri azəribloqda görməyə arzu edərdim?Birincisi axtarış sistemini. Azəribloqun ana səhifəsində axtarış sisteminin qurulması və sözlər və s. vasitəsilə bloqları, postları axtarmaq imkanı əla olardı.
İkincisi, başqa bir bloqqerdən oxuduğuma görə, azeribloqda qeydiyyatdan keçmiş hər hansı birisinin adından başqa birisi bloqlara şərh yaza bilər. Məncə heç də xoşagələn deyil. Qeydiyyatdan keçmiş adların kənar, gəldi-gedər şəxslər tərəfindən istifadə olunaraq şərh yazılması çox suyu bulandırar və bunu önləmək üçün bir vasitə hazırlamaq əla olardı.
Üçüncüsü, bloqlar arasında mövzu müzakirələri və s. təşkil etmək, və ya insanları bloq səviyyəsində bir araya gətirəcək bir şeylər yaratmaq məncə pis olmazdı. Real dünyada görüşmək əlbəttə pis deyil, ancaq hamı Azərbaycanda yaşamır axı.Nəsə...təbriklər və uğurlar...


Maraqlı yazıdır. Xüsusən bloqun insanı ayaqda saxlaması ilə bağlı məqamı yaxşı qeyd etmisiz. Təklifləriniz də yerindədir. Mən bu yazının linkini "Xəbərlər" bloqunda verdim. Yəqin inciməzsiniz.
Uğurlar sizə!
İyul 22, 2008 8:31