Zaqatala baptistləri dövlət qeydiyyatı istəyir
Yazar: Yolchu @ İyul 4, 2008 19:04Qeyd edək ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan, Əliabad Baptist Kilsəsinin pastoru Həmid Şabanov iyunun 20-də həbs edilib. Adıçəkilən kilsənin digər pastoru Zaur Balayev ötən il martın 20-də həbs edilsə də, bu il əfv edilərək azadlığa buraxılıb.
Bakı Yevangelist Baptist Xristian Kilsəsinin baş presviteri İlya Zençenko Zaqatalada baş verənləri polis özbaşınalığı kimi qiymətləndirib. Onun sözlərinə görə, Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən eyniadlı Baptist Kilsənin pastorları H.Şabanov və Z.Balayev şərlənərək həbs ediliblər. O iddia edib ki, hər iki şəxs saxta ittihamlarla tutularaq, həbsxanaya atılıb: "Belə düşünürəm ki, onların hər ikisini şərləyiblər. Çünki onlara qarşı irəli sürülən ittihamlar saxtadır. Azərbaycanda dini tolerantlığın olması hər kəsə məlumdur. Amma icmamızın üzvlərinin həbs edilməsi, onlara qarşı saxta ittihamların irəli sürülməsi narahatedici məqamdır. Bu olayları Zaqatala hüquq-mühafizə orqanının bəzi təmsilçilərinin özbaşınalığı kimi dəyərləndirirəm. Hesab edirəm ki, həmin polis işçilərinə qarşı aidiyyatı qurumlar ciddi ölçü götürməlidir. Güman edirəm ki, icmamızın üzvlərinə qarşı edilmiş saxtakarlıq, şərləmə araşdırılaraq, bu kampaniyanın üzvləri layiqli cəzalarını alacaqlar. Azərbaycan dövlətinin dini sahəyə demokratik münasibəti buna ümidi artırır".
İ.Zençenko bununla yanaşı, Zaqatala rayonunda icmanın fəaliyyətinə müəyyən əngəllərin törədilməsindən də şikayətləndi. Onun sözlərinə görə, bəzi qüvvələr tərəfindən süni şəkildə yaradılan maneələr icmanın normal şəkildə fəaliyyətinə mənfi təsir göstərir.
Əliabad Baptist Kilsəsinin pastoru və həbs edildikdən sonra əfv edilmiş Z.Balayev də Zaqatalada icmanın fəaliyyətinə yaradılmış əngəllərdən söz açıb. Onun fikrincə, icmanın qeydiyyata alınmaması da narahatedicidir: "Zaqatala rayonunda fəaliyyət göstərən icmamız 3 ildir dövlət qeydiyyatına alınması ilə bağlı aidiyyatı qurumlara müraciət edir. Amma buna baxmayaraq, qeydiyyatla bağlı indiyə qədər edilmiş bütün müraciətlər cavabsız qalıb. Qeydiyyata alınmamaqla bağlı hər dəfə müxtəlif səbəblər göstərilir. Bununla yanaşı respublikanın bir çox iri şəhər və rayonlarında fəaliyyət göstərən icmalar qeydə alınsa da, baptistlərin bir yerə toplaşmasına dövlət orqanları tərəfindən əsassız maneələr törədilməsi başadüşülən deyil. Ümidvarıq ki, dövlət orqanları bu məsələyə ciddi fikir verərək, problemimizin nizama salınmasına köməklik göstərəcək".


