Reklam verin!

    

       Onların fəaliyyəti sayəsində ailələr dağılır, insanların inanclarına kobud müdaxilə edilir.


 

Nəzakət AĞAYEVA, Gəncə Media Mərkəzi

Bölgələrdə xristian təriqətlərinin fəaliyyəti genişlənməkdədir. Xristian yönlü dini sektalara qoşulanların əksəriyyətini qadınlar təşkil edir. Belə ki, bu sektaların ideologiyasının ailə və cəmiyyət içərisində yayılmasında qadınlardan daha "səmərəli" istifadə etmək mümkündür.


Əsasən "Yəhvanın Şahidləri" və "Şərqdə ulduz" sektalarında belə hallara rast gəlindiyini deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Firdovsi Kərimov bu təriqətlərin qadınların psixologiyası ilə manipulyasiya etdiklərini söylədi və qadınların öz uşaqlarını və həyat yoldaşlarını da bu yola cəlb etməyə çalışdıqlarını bildirdi. Müsahibim qeyd etdi ki, gənc qızlar ailə quran zaman onlardan bu kimi məqsədlərlə istifadə edirlər:


"Sektaya üzv olan qızlar müsəlman və ya başqa bir dinə mənsub kişiylə evlənən zaman onların da qarşısına belə şərt qoyurlar. Qəribədir ki, əgər qadın öz yeni ailəsinin üzvlərini sektaya cəlb edə bilmirsə, bu zaman onlardan boşanmaları tələb edilir".


F.Kərimov sözügedən təriqətlərə qulluq edən kişilərdən də həyat yoldaşlarını sektalara gətirmək tələb olunduğunu deyir: "Biz bu kimi hallardan xəbərdar olsaq da, çox vaxt məsələyə qarışa bilmirik. Çünki insanlar çox nadir hallarda bizə şikayətlə müraciət edirlər. Misal olaraq onu deyə bilərəm ki, son iki ildə Gəncədən cəmi bir nəfər belə şikayətlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə üz tutub".


Yeni ailə qurmuş Gəncə sakini Nigar Vəliyevanın 2006-cı ildə sözügedən quruma müraciət etməsinə səbəb həyat yoldaşı Elbrus Hüseynovun "Şərqdə ulduz" dini təriqətinə qulluq etməsi olub. O, Elbrusla ailə quranda onun və qayınanasının başqa təriqətin ardıcıllarından olmasından bixəbər imiş. Evləndikdən sonra Elbrus onu da zorla bu yola cəlb etmək istəyib: "Bir gün məni yarmarkaya aparmaq adı ilə evdən çıxarıb özlərinin getdikləri sektaya gətirdilər. Qaynanam Amaliya Qoşqarova məni "tövbə edərək" qəribə məzmunlu dualar oxumağa məcbur etdi. Burada hər kəs bizə baxırdı, çünki mənim zorla sektaya gətirildiyimi hiss edirdilər. Evə gəldikdə isə məni döyməyə başladılar. Dedilər ki, "sən bizi yoldaşlarımızın yanında pis vəziyyətdə qoydun".


Daim gərginlik içində yaşayan Nigar bətnindəki 5 aylıq körpəsini də itirib. Bir müddətdən sonra təzyiqlərə dözməyən Nigar boşanmağa məcbur olub. Bu təriqətə aid olan kitablardan birində "Allahın haqq sözü" kimi belə yazılır: "Fikirləşməyin ki, yer üzünə sülh gətirmişəm, mən sülh deyil, qılınc gətirməyə gəlmişəm, çünki mən oğulu atadan, qızı anadan və gəlini qayınanadan ayırmağa gəlmişəm və insanların düşmənləri öz evinin sakinləri olacaqdır".


Firdovsi Kərimov sektaların öz üzvlərini artırmaqda olduqca mahir üsullardan istifadə etdiklərini və güclü təbliğatla məşğul olduqlarını deyir: "Gəncədə 17 dini icma var və onlardan 7-si qeyri-islam yönlüdür. Bunlar Aleksandr Nevski rus provoslav kilsəsi, "Yeddinci Günün Adventistləri", "Şərqdə ulduz", "Xristian-baptist", "Yeni apostol", "Xristian baptist incil Kilsələr İttifaqı" və "İsa Məsih Məbədi"dir. Bu sektaların sonuncu ikisi dövlət qeydiyyatından keçməyib. Həmçinin Gəncədə qeyri-qanuni olaraq "Yəhvanın Şahidləri" sektası da fəaliyyət göstərir ki, onun üzvlərinin 99 faizi qadınlardır".


Bu sektanın təbliğatı olduqca güclü aparıldığından bölgələrdə üzvlərinin sayı durmadan artır. Bu dini sektaya qoşulan qadınlar da xoşagəlməz hallarla qarşılaşır, yəni boşanmaya məcbur edilənlərin sırası da genişlənməkdədir.


"Yəhvanın Şahidləri"nin ən çox artdığı rayonlardan biri də Bərdədir. Rayon sakini Elman Məmmədov da "Yəhvanın Şahidləri" sektası üzündən ailəsi dağılanlardan biridir. Adını çəkmək istəmədiyi həyat yoldaşı 17 ildir qurduğu ailəsini özünün dərk edə bilmədiyi inanca dəyişib. Məktəb müəlliməsi olan Nəsibə Quliyevanın yaratdığı sektanın məclislərinə ərindən gizli şəkildə qoşulandan sonra özünü də, övladlarını da, ərini də tale yollarında tənha buraxıb. İndi o ancaq öz sektasının təbliğatı ilə məşğuldur. Elman Məmmədov deyir ki, sektantlar qadın üzvlərini dini ədəbiyyatların yayılması işinə təhrik edirlər. Onlar bu rayonda balacadan böyüyə kimi hamını öz əqidədaşı etməyə çalışırlar. Küçəbəküçə dolaşan təbliğatçılar xüsusi ilə məktəbləri hədəf seçirlər:


"Allahın adını tutub bəndənin qapısını bu çirkin niyyətlə döyənlər bəzən özləri döyülürlər. Amma yenə də hansısa qüvvə tərəfindən öz missiyalarını yerinə yetirməyə məcbur edilirlər. Görün onlar nə qədər azğındırlar ki, sektada üzvlərin öz qız övladlarını bu dini sektadan olmayanlara ərə verməyi də yasaq edirlər".


Bərdədə övladlarının bu kimi sektalara qoşulacağından qorxan valideynlər missionerlərin ifşa olunmasını istəyirlər. Artıq sakinlər arasında rayon polis idarəsinə şikayətlə müraciət edənlər də var. Polis idarəsindən bildirildi ki, onlar ərizələr əsasında əməliyyat apararaq sekta üzvlərindən çoxlu sayda kitab və təbliğat vəsaitləri müsadirə etməyə müvəffəq olublar.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Firdovsi Kərimov bildirdi ki, onlar bu sektalara qarşı nəzarəti ilbəil gücləndirirlər. F.Kərimov əhalini bu sektaların təbliğatlarına uymamağa və dini ekstremizmlə mübarizədə quruma dəstək olmağa çağırdı.


Onlardan kim nə yazır | Şərhlər(2)
Baxış sayı: 205
Açar sözlər: xəbər mətbuat qeyri-islam yayılma 
Bookmark and Share

1
samael yazıb:

birincisi bunlar xristian dinini yayan sekta yox ev kilisesi deyilir ve qaldisa bunlar bele gizli sekilde aparirlar yox hamisi yalandi baki aciq askar sekilde aparilir ve qaldi ki firdovsi kerimov kmi adamlar buna yol verir rusvet alir evezinde qeyri bizim dine zidd olan ve allaha serik qosan qurumlar azeribaycana topalasirlar nese insaallah herne yaxsi olar!

Avqust 1, 2008 15:18

2
The Image yazıb:

Əziz Samael,

şərhiniz üçün çox sağ olun. Azərbaycanda fəaliyyət göstərən fərqli dini təşkilatların müxtəlif adları var və bunların necə adlanması da cəmiyyətdə təəssüf ki qarışdırılır, çünki bunun üçün dilimizəd müfaviq terminologiya yoxdur. ev kilisəsi sektanın bir parçası ola bilər, ancaq həmişə deyil. İkincisi, həmin xristian qurumlarının heç də hamısı sekta deyil.

Avqust 4, 2008 19:03


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha