Vatikanın günah siyahısı
Yazar: Yolchu @ Aprel 21, 2008 2:49(yazı aşağıdakı mənbədən alınmışdır: 525-ci qəzet)
A. Kərimova
Xəbəri mətbuatdan oxudum. Vatikan min beş yüz il bundan əvvəlki günah siyahısını müasirləşdirmək məqsədi ilə yeniləyir. Belə ki, min beş yüz il əvvəl nifrət, acgözlük, nəfs, qısqanclıq, hədsiz kədər, paxıllıq, qürurlu olmaq günah sayılırmış. Vatikan bu siyahını dəyişdirib və əlavələr edib. Yeni günah siyahısı gənc rahiblərə verilən seminar zamanı açıqlanıb. Yeni siyahıya görə günah sayılanlar- ətraf mühitin çirkləndirilməsi, insan DNK -sına edilən müdaxilə, narkotikdən istifadə və yayılma, həddən ziyadə zənginlik, yoxsulluğa səbəb olma, abort, azyaşlılarla cinsi əlaqə, insan cinsinin dəyişdirilməsidi.
Bu problemlər Vatikanı çox narahat edir. Bundan əlavə katoliklərin son zamanlar kilsələrdən uzaqlaşması da Papanı çox üzür. Yeni üsullar işlədərək insanları yenidən kilisələrə cəlb etməyin yollarını araşdıran Vatikan gənc rahiblərə seminarlar keçir. Yeni nəsil İtaliyası günahlarının bağışlanması üçün kilsəyə getmir. Roma Papası gənc rahiblərin qarşısında çıxış edərək, günah yumaq üçün kilisələrə gələnlərin sayının azalmasından şikayət də edib. Ona görə bu problem xristian dini -aləminin ritmdən düşməsinə gətirib çıxartacaq. Roma Papasına görə artıq insanlar günahın nə olduğunun fərqində deyillər.
Siyahıda ən çox diqqətimi çəkən dəyişiklik ekoloji məsələlərlə bağlıdır. Vatikan da həyəcan təbili calır. Bu xəbərləri oxuduqca İslam aləmi gözümün qabağına gəlir. Görəsən, qlobal istiləşmə, ekoloji problemlərlə bağlı hansısa müsəlman din xadimi məsciddə seminar keçirərdimi? Müasir dövr müsəlmanlarının günah kateqoriyalarının nə olduğunu biləni varmı? Dünya dəyişdikcə hadisələrə dinin münasibəti də dəyişməlidir. Xristian aləmi bunu çox gözəl bacarır. Biz niyə bacarmırıq? Bizim məscidlərimizdə "qadın işləməməlidir, bağlı geyinməlidir, gündə dörd dəfə deyil, beş dəfə namaz qılınmalıdır, ölü üçün ehsan verilməlidir və ya verilməməlidir" kimi məsələləri müzakirə etməkdənsə, onlara dünyamızı, təbiəti, heyvanları qorumasaq, çox böyük günahlara batdığımızı anlatsalar pismi olar?
Azərbaycanda da ətraf mühitin çirklənməsi çox önəmli ekoloji problemlərdən sayılır. Məncə, bu barədə düşünməyə dəyər.


